Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 146 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni səhifə açılıb.Hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.Ulu Öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət qayğısı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.Bu gün Milli Mətbuatımızın üzərinə yeni missiya düşür - Vətən Müharibəsində əldə etdiyimiz Şanlı Qələbəmizi geniş təbliğ etmək. Milli Mətbuatımız daim dövlətə və dövlətçiliyə xidmət edib. Rayonumuzun yeganə mətbuat orqanı olan "Xocalının səsi" qəzeti də öz fəaliyyət prinsiplərini layiqincə yerinə yetirərək dövlətçilik yolunda qələmi ilə həmrəy olub. Milli Mətbuatımızın inkişafına öz töhfəsini verən "Xocalının səsi" qəzeti uğurlu fəaliyyət göstərərək rayon sakinlərinin güzaranını, gənclərimizin uğurlarını öz səhifələrində işıqlandırır. Respublikamızda baş verən əlamətdar hadisələr, Cənab Prezidentimizin apardığı daxili və xarici siyasət qəzeti səhifələrində geniş təbliğ edilir. Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında məqalələr, erməni əsirliyində olmuş insanlardan alınan müsahibələr qəzetdə dərc edilir. İyul ayının 13-də "Xocalının səsi" qəzetinin 30 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasında toplantı keçirildi və qəzetin səmərəli fəaliyyətinə görə Diplomla təltif edildi. Əminik ki, yaxın vaxtlarda "Xocalının səsi" qəzeti Xocalıda işıq üzü görəcək.Qalib Quliyev,Xocalı rayon gənci